Skip to main content

Bizim cəmiyyətdə niyə ağbirçək, ağsaqqallar yox çıxır?


“Onlardan bəziləri özlərini 1 yaşlı uşaq kimi aparanda təəssüflənirəm”. 


Mirzə İbrahimovun eyniadlı əsəri əsasında çəkilmiş “Böyük Dayaq” filmində Rüstəm kişini, İsmayıl Şıxlının yenə eyni adlı “Dəli Kür” romanını və onun əsasında çəkilən filmdə Cahandar Ağanı, “Əhməd Haradadır” filmində Əhməd üçün narahat olan valideynləri uşaqlığımızdan bu yana bizim üçün səhvləri, düzləri ilə də olsa gözlərimizdə yenə də ağsaqqal, ağbirçək obrazını yaratmışdılar. Belə qəhrəmanların bir baxışı kifayət idi ki, hamı yerini bilsin. Və onlar harda hansı sözü deməyin qaydasını da çox yaxşı bilirdilər.

Bu gün isə ictimai yerlərdə bir çox yaşlı insanlar özlərini 1 yaşlı uşaq kimi aparanda, gənclərdən əlindəkini qoy qırağa gəl davaya çıxaq davranışını nümayiş etdirəndə təəssüflənirəm. Axı bizim yuxarıda sadaladığımız kimi qəhrəman obrazlarımız olub. Əminəm ki, 20-30 il bundan öncə də tək qəhrəmanlar arasında yox, elə sadə vətəndaşlar arasında da daima tək öz övladlarına deyil, başqalarını da sevən insanlar olub.

Məsələn, ötən gün sürücü az qala qəza edəcəkdi. Səbəb isə yolu keçən qızın (xüsusən başıbağlı, niyə xüsusi olduğunu açıqlayacağam) diqqətsiz yolu keçməsi və sürücünün məsuliyyətsizliyi idi. Avtobus aşmağa yaxın idi, 50+ qadınlar bu hadisədən sonra necə rekasiya verdilər Sizcə. Məncə, tanış mənzərədir. “Küçük başını da bağlayıb, ətrafına baxmır, bu qədər insan bu küçüyə görə öləcəkdi”. Avtobusda əyləşən başıbağlı digər bir qadın bu hadisəyə reaksiya verdi: “Məgər, başı açıq biri yolu keçəndə diqqətsiz ola bilməzdi?”. Təsəvvür edin, həngamə qopdu, xaos yarandı. Bir nəfərin başını bağlayıb, “Bəlkə də Allaha ibadət etməsinə görə sağ qaldıq demədi”.
Üstəgəl həmin qadınların əminəm ki, övladları var. Görən onlar üçün də övladları, xüsusən qız övladları küçükdür?

Bu gün cəmiyyətdə gənc qızlar üçün ağzının şorbasını axıdan da elə bizim üzdənıraq bəzi yaşlılarımız olur.  Bu hadisələri gördükcə, artıq onların yoxluğunu hiss edirik. 

Məncə, biz müasir gənc olsaqda, daimi ağsaqqal, ağbirçəklərimizə fikir danışmaq, məsləhət almaq ehtiyacı hiss edirik.  

Fikir almaq da o yana qalsın, ən azı cəmiyyətdə onların ağırlığını hiss etməliyik. Unutmayın ki, müharibə vəziyyətində yaşayan ölkənin vətəndaşlarıyıq, gənclər ilə yaşlı nəsil harmoniyada yaşamalıdırlar. Və buna borcluyuq. Çünki bu gün sərhəddə bizim, hamımızın keşiyini çəkən də yenə bizim gənclərimizdir.

Biz də daima Gənc olmayacağıq, qocalacağıq. Eləcə də bizim valideynlərimiz gözlərimizin önündə qocalır. Amma heç də onlar başqalarının övladlarına qarşı bu qədər kin, nifrətlə dolu deyillər. Və onlardan rahatlıqla fikir almaq olur. Məncə, bütün ağsaqqal, ağbirçəklərimiz də belə olmalıdır. Və təəssüf ki, ətrafımdakı belə insanların sayı sanki azalmaqdadır. 

Qocalanda daha da inkişaf edən gənc cəmiyyət qarşısında, bezmiş, əzilmiş, deyingən obraz yaratmaq istəmərik, elə deyil? Çünki insan münasibətlərində hər şey miras olaraq keçir. 

Qoy onlar üçün 20-30 il bundan öncə necə yolgöstərən, fikir ağırlığı olan biri idiksə, bundan sonra onlar üçün belə qalaq.

Unutmayın ki, bizim üçün dəyərlisiniz!  

Comments